Elariz Məmmədoğlu xalq artistinin artıq gözdən düşdüyünü deyir
Elariz Məmmədoğlu Novruz bayramında da küsülü olduğu həmkarları – Nazim Pişyari və xalq artisti Aygün Kazımova ilə barışmayacaq. O, Aygün Kazımovanın hər zaman müğənnilərlə, xüsusilə də gənc ifaçılarla savaşdığını önə çəkir. Müğənni açıqlamasında həmişə istedadlı gənclərə yardımçı olduğunu bildirdi: «Röya sənətə gəlibsə, nəyə görə Aygün Kazımova onunla münasibət qurmasın? Aygün gərək Röya ilə mehriban olsun. Aygün Natəvanı, Röyanı, Elnarəni və digər istedadlı xanım müğənniləri efirə çıxarıb, onlarla mehriban münasibət qursaydı, üzü başqa tərəfə dönən pərəstişkarlarını geri qaytara bilərdi».
Elarizin dediyinə görə, xalq artisti yalnız qalmaqallarla gündəmə gəlir: «Aygün Kazımova qalmaqal etməyib yalnız mahnılarını oxusa, yenə də tamaşaçılar tərəfindən sevilər. Sadəcə, efirə çıxıb ajiotaj yaratmaq üçün ona-buna sataşır. Əksinə, qalmaqallarla daha da gözdən düşür».
Elariz Məmmədoğlu Nazim Pişyari ilə də barışmayacağını dilə gətirdi: «Mən Aygün Kazımovaya yalnız xoşbəxtlik arzulayıram. Bir nəfərdən soruşurlar ki, sənə pul və ağıl təklif etsələr, hansını götürərsən? Həmin adam pulu seçir. Mən də pulu seçərdim, Aygün Kazımova isə ağlı… Yəni kimin nəyə ehtiyacı varsa, onu seçsin».
Qlobal maliyyə böhranının ondan da yan keçmədiyini vurğulayan Elariz Məmmədoğlu toylarının sayının azaldığını bildirdi: «Maliyyə böhranı tək Azərbaycanda yox, bütün dünyada gedən prosesdir. Böhran müğənnilərin də işinə mənfi təsir göstərib. Bu prosesi ötüşdürməyə çalışmalıyıq». Yaradıcılıq planlarına gəlincə, müğənni bir neçə yeni mahnı yazdırıb. Həmin mahnılardan birinə yazın zamanlarda ekran həyatı veriləcək.
|