Sənətçilər Nahid Emiloğluna qarşı
Bu yaxınlarda "Sultan" prodakşnın rəhbəri Sultan mətbuatda "Səs orqanization"un rəhbəri Nahid Emiloğlu barədə müəyyən fikirlər səsləndirib. O, "Nahid Emiloğlu yaxşı insandır və yaxşı təşkilatçıdır. Amma o, daha çox xarici müğənnilərin cibini doldurur. Bizim müğənnilər üçün əmək sərf etmir. Necə ki, mən xaricdə bizimkilərə konsert təşkil edirəm, o isə məndən fərqli olaraq, xarici müğənnilərə burada konsert təşkil edir" - söyləyib.
Qeyd edək ki, bu fikirlər bəzi yerli müğənnilərin də ürəyindən xəbər verdi. Xarici sənətçilərin Azərbaycanda konsertinin təşkil olunmasını qısqanclıqla qarşılayan və bu barədə daim mətbuatda açıqlamalar verən Zülfiyyə Xanbabayeva, İzzət Bağırov və digərləri təşkilatçıları xarici müğənniləri "başımıza çıxarmaqda" suçlayırlar.
Röya da həmkarlarına dəstək verdi və Sultanın fikirlərini təsdiqlədi: "Doğrudur, mən də bu fikirlə razıyam. Bizimkilər başqalarının cibini doldurmaqla məşğuldur. Çünki hansı kanalı açırsan bütün günü xaricilərin klipləri nümayiş olunur. Bunun özü böyük təbliğatdır. Röyanı "nömrə 1" adlandırırlar, amma mən öz klipimi uzaqbaşı 3-4 dəfə efirə verə bilirəm. Əlbəttə ki, əcnəbi müğənninin konsertinə bilet alacaqlar, mən isə öz konsertimə gərək pul tökəm, hər yana şəkillərimi yapışdırıram. Tarkanla mənə birgə konsert vermək təklif etdilər, birtəhər razılaşdım. Mənə görə o konsertə xeyli bilet alan oldu, amma nəticədə mənə "Tarkan 400 min manat istəyir, olar ki, sizə 5 min manat verək?" deyəndə çox əsəbiləşdim. Beş min manat ancaq səhnə geyimimə çatar, mən niyə oxumalıyam? Nə vaxt efirdə bizimkilərə çox yer verilsə, o zaman bizim konsertlərimizin də gəliri olacaq. Nahid Emiloğlu Demet Akalının konsertini təşkil edirdi. Artıq 70 faiz bilet satılmışdı. Demet Akalının adı narkotik qalmaqalında hallandığı üçün Türkiyə istintaqına çəkildi, konserti batdı, bəs bizim xalqın nə günahı var? Amma mənim konsertimin qiymətinin 50-100 manat arasında olduğunu eşidənlər "100 manat baha deyil?", deyə soruşurlar. Amma Demet Akalının konsertinə 500 manat xərcləyən olur".
Deyilənlərə biganə qalmayan Nahid Emiloğlu səslənən fikirlərlə razılaşmadı. Əsas problemi yerli sənətçilərin reklamının olmamasında görən təşkilatçı qeyd etdi ki, onların reklamı yalnız Azərbaycan daxilindədir:
"Buraya dəvət olunan müğənnilərin reklam olunması fikrini absurd hesab edirəm. Çünki onlar həm öz ölkələrində, həm də kənar ölkələrdə tanınmış sənətçilərdir. Onlara həmişə xalqın tələbatı olub. Əgər tanınmayan bir sənətçinin burada konserti təşkil olunsa, o zaman onların biletləri alınmaz. Deməli, burada o sənətçilərə qarşı istək var ki, onlar konsert verir, biletləri də yüksək səviyyədə satılır. Xaricilərin buraya gəlişi niyə bu qədər səs-küyə səbəb olur, bilmirəm. Əsas odur ki, onlar Azərbaycanı qardaş ölkə kimi qəbul edirlər. Heç bir ölkədə, hətta Türkiyədə belə konserti olmayan adam burada konsert verir".
|