Müğənni Nüşabə Ələsgərli görünüşündə və yaradıcılığında yeniliklər edəcək.O,müsahibəsində şəxsi həyatı və yaradıcılığı ilə bağlı planlarını açıqlayıb.
- Plastik əməliyyat keçirdiyiniz barədə xəbərlər yayılıb. Ancaq əvvəllər bu cür əməliyyatların əleyhinə olduğunuzu deyirdiniz...
- Yox, heç vaxt. Elə əməliyyatlar var ki, onu həyata keçirmək zəruridir. Mənim göz ətrafımda narahatlığım var idi. Gözaltı şişləri əməliyyat etdirdim. Jurnalistlər tez-tez bədəndə əməliyyat etdirib-etdirmədiyimi soruşurlar. İlk dəfə etiraf edirəm ki, bu yaxınlarda qolumdan yağ aldırmışam. Yay aylarında isə İnşallah, bədənimdə də bəzi dəyişiklik etdirməyi fikirləşirəm.
- Bu əməliyyatların yerinə idmanla arıqlamaq mümkün deyil?
- Təəssüf ki, yox. Misal üçün, mən ana olandan sonra bədənimdə bəzi dəyişikliklər baş verib, indi onu idmanla əvvəlki vəziyyətə qaytara bilmərəm.
- Sizinlə eyni yaşda olan həmkarlarınızın çoxu son vaxtlar efirdə görünən müğənniləri qəbul etmir. Onların fikrincə, bu qəbildən olan müğənnilər zövqü korlayır. Siz necə düşünürsünüz?
- İstedadı olmayan müğənninin bir dəfə belə efirə çıxmağı çoxdur. Yox, istedadı varsa, çıxsın. 8 milyonluq Azərbaycanın heç olmasa, 7 milyonu artıq məni tanıyır. Onlar efirə çıxandan sonra məni tanımayacaqlar? İstedadsızlarla Bədii Şura mübarizə aparsın. Bütün günü Cəhrə qarı kimi (Nəsibə Zeynalovanın “Toy” tamaşasında yaratdığı obraz - L.Y.) dedi-qodu ilə efirdən düşmürlər. Biz vaxtilə o tamaşaya baxıb gülürdük, indi də onlara baxırıq. Bütün Azərbaycan oturub fikirləşir ki, filankəsin uşağının atası kimdir? Siz bilirsiniz söhbət kimlərdən gedir, ayıbdır axı...
- Bəzi sənətçilərin çoxu falçıya getməklə problemlərini həll edir. Siz necə falçıya gedirsiniz?
- (Gülür). Sözün açığı, rəfiqələrimə bəzən karta, qəhvə falına baxdırıram. Hər insan üçün maraqlıdır, əvvəldən hər şeyi bilsin. Düzdür, ciddi yanaşmıram, xəstə kimi üzərində düşünmürəm. Amma maraqlı gəlir, düz oldu-olmadı, həvəskar baxıcıya baxdırıram.
- Sənət aləmində küsülü olduğunuz şəxs var?
- Yox.
- İnanaq?
- Bilirsiniz niyə? Mənim də umu-küsüm var, amma o sözləri efirdə deməmişəm. Sözüm-söhbətim olub, amma efirə çıxmayıb. Zəng edib, lazım olan sözü müğənni həmkarlarıma demişəm, elə orda da məsələni çürütmüşəm.
- Nadir Qafarzadənin ad günündə çox fərqli mövqe nümayiş etdirdiniz. Oradakı münaqişələri görmürmüş kimi, səhnəyə çıxıb, canlı mahnı oxudunuz...
- Əslində, mən orada çox hirslənmişdim. Kimsə özünü nəyinsə yerinə qoya bilər, amma mənə bu lazım deyil. Səhnədə deyişmə səsləri gələndə istədim, gedim, ayağa qalxdım və fikirləşdim neynəyim? Sonra istədim, Aygünə də, Elarizə də ayrı-ayrılıqda yaxınlaşım və söhbətə son qoymalarını deyim. Sonra fikirləşdim hər ikisi əsəbidir, nəsə deyərlər, sonra özümü təhqir olunmuş hiss edərəm. Ona görə də qarışmadım.
- Kim haqlı idi?
- Aygün Kazımova qadın kimi, müğənni kimi haqlı idi. Çünki ideya Nadir Qafarzadə tərəfindən gəlmişdi. Təsəvvür edin, mən oturmuşam və o, məni barışdırmaq istəyir. Kişi xeylağı da barışıq əvəzinə sərt münasibət göstərir. Mən neyniyərəm onda? O baxımdan Aygün haqlı idi. Başqa tərəfdən də Aygün də Elarizə sərt cavab verdi.
- Siz Aygün Kazımovanın yerində olsaydınız, necə reaksiya verərdiniz?
- Əvvəla, münaqişəni o səviyyəyə çıxarmazdım ki, barışıq da belə alınsın. Mən bir az emosionalam, əl-qol atıb, onu döyərdim. Mən hirslənəndə iki yolu var, ya gərək döyəm, ya da ağlayam.
|