“Aygün Kazımovanın soyunmağından ləzzət alan auditoriya var”
“Ciddi-Ciddi” rubrikasının budəfəki qonağı Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadədir. Digər müsahiblərimiz kimi İqbal bəyə “Ciddi-Ciddi” rubrikası barədə geniş məlumat verməyə ehtiyac olmadı. Çünki partiya sədri rubrikanı mütəmadi olaraq izləyənlərdən imiş. Onun şou-biznes mövzusu ilə bağlı verdiyi cavablar isə bəzilərində qıcıq yaradacaq qədər də maraqlı oldu...
- Şou-bizneslə nə dərəcədə maraqlanırsınız?
- Mən Azərbaycan ictimai-siyasi həyatının içərisindəyəm. Bu ictimai-siyasi həyatla maraqlanıram, o cümlədən şou-bizneslə də.
- Boş olanda, avtomobildə gedəndə və s. bu cür vaxtlarda kimləri dinləyirsiniz?
- Hər musiqi zövqdür. Zövqü oxşayan istənilən musiqini dinləyirəm. Yetər ki, musiqi zövqü oxşasın və ifaçı yaxşı olsun. Klassik musiqimiz, muğamlarımız mənə daha çox yaxındır. Klassik musiqini dinləməkdən heç vaxt imtina etmirəm.
- Konkret hansı müğənnilərin ifasında?
- Cabbar Qaryağdıoğludan tutmuş, müasir dövrümüzə qədər hamını dinləyirəm. Zeynəb Xanlarovanı, Yaqub Məmmədovu, Arif Babayevi çox dinləyirəm. Həmçinin Xan Şuşinskini, Şövkət Ələkbərovanı dinləyirəm. Müasirlərdən isə Nəzakət Teymurovaya, Aygün Bayramovaya, Almaz Orucluya, Mənsum İbrahimova, Eldənizə qulaq asıram. “Yeni ulduz” yarışmasında da var idi – Lalə, onu dinləyirəm. Xoşum gəlməyən musiqi olanda söndürürəm.
- Adını çəkdiyiniz “Yeni ulduz” yarışmasına münasibətiniz necədir?
- Normaldır. Bəzən hansısa şou-proqrama, səhnəyə yeni çıxan adamlara çox sərt münasibət bildirirlər. Birincisi, zövqlər barədə mübahisə etməzlər. Zövqlər müxtəlifdir və hər kəsin zövqü də bir musiqini seçir. Bəzən elə adamlar olur ki, dinlədiyi musiqi ilə özünün ciddiliyi, xarakteri tamamilə ziddiyyət təşkil edir. Yaxud da əksinə, haqqında fərqli düşüncələrin olan insan bir də görürsən çox ciddi musiqiyə qulaq asır. Millətindən, dinindən asılı olmayaraq, zövqlər müxtəlifdir. Azərbaycanda da zövqlər müxtəlifdir. Biri ciddi musiqini sevir, başqası şən musiqini xoşlayır, heç mahnının sözlərinə də əhəmiyyət vermir. Elə adam da var, mahnının sözlərinə fikir verir, musiqi önəmli deyil və s. Ona görə də heç kimi bu məsələlərdə qınamaq olmaz. Həm də qınamaq olmaz ki, milli-mənəvi dəyərlər sıradan çıxır və s. Çünki zaman hər şeyi yoluna qoyacaq. Kim Cabbar Qaryağdıoğlunu, Fatma xanımı, Sara xanımı, Şövkət xanımı və başqalarını Azərbaycanın musiqi sənətindən çıxarıb atıb? Heç kim. Çünki onlar zamanın sınağından süzülə-süzülə gəlib çıxıblar. Bəyəm onların dövründə bayağı musiqi yox idi? Onların dövründə də bayağı musiqilər olub. Ancaq həmin bayağılar indiyədək yaşamayıb, böyük sənətkarlar yaşayıb. Bu gün “bayağı” adlandırılan – hərçənd, mən özüm onlara bayağı demirəm – musiqi kimi mahnılara da qulaq asan kifayət qədər cameə olub. Amma bizim zamanımıza gəlib çatmayıblar.
- Bir var bayağı, bir də ara mahnıları. İkinciyə münasibətiniz necədir?
- Fərq etməz. Onların da öz dinləyiciləri var. Toyda bir cür, şənlikdə başqa cür əylənmək istəyirlər. Diqqət etsəniz, bizim muğamların fəlsəfəsində daha çox kədər, bədbinlik var. Muğamlarda oxunan qəzəllərə də fikir verəndə görürsən insanda hiss, həyəcan daha çox qəmə, kədərə doğru yüklənir. Toydur, adam istəmir həmin qəm, kədər ruhu üzərində köklənsin. İstəyir ki, şənlik olsun. Bunun adını istəyirsiz “ara mahnısı”, “bayağı mahnı” qoyun. Təsəvvür edin, insanlar sevib evlənir, indi onların qovuşduğu gündür. Həmin toyda Füzulidən, yaxud Nəbatidən bir qəzəl oxunsun, hansı ki, həmin qəzəldə həsrətdən, hicrandan danışılır. Ancaq insanlar birləşir axı. Ona görə də hesab edirəm ki, bu məsələlərə fərqli yanaşmaq lazımdır, normal qəbul etmək lazımdır.
- Zeynəb Xanlarovanın səhnəyə dinamiklik gətirdiyinizi söylədiniz. Keçən əsrin sonlarından isə Aygün Kazımovanın səhnəyə “soyunmağı” gətirdiyi deyilir. Belə çıxır ki, gələcək nəsillər də “sağ olsun Aygün Kazımova, soyunmağı gətirdi, öyrətdi” deyəcək?
- Aygün Kazımovaya qədər dünyanın hər bir yerində bu tip məsələlər səhnədə var idi. Azərbaycan səhnəsinə bunu qadağan etmək olarmı, güc çatarmı? Bu, mümkün deyil, demokratik cəmiyyətin prinsiplərilə ziddir. Bu gün təəssüf ki. Azərbaycanda telekanalların sayı azdır. Bu kanalların sayı artacaq. Ayrıca mədəniyyət kanalı da, musiqi kanalı da olacaq, xoşun gəlməyəcək, baxmayacaqsan. Bəli, əgər bu gün səhnə varsa, bu gün Aygün Kazımovanın soyunub səhnəyə çıxmasından ləzzət alan auditoriya varsa, o auditoriya üçün də sənət olacaq ortada. Yəni ortada o auditoriyanın tələblərini ödəyə biləcək sənət olacaq. Ona görə də yenə deyirəm, bundan qorxmaq lazım deyil.
- Soyunmaq sənətdir, zövqü oxşamaq məsələsidir, yoxsa başqa şeydir?
- Sənət bir parçadan ibarət deyil. Bu gün insanların informasiya almaq imkanları və sənətə münasibəti o qədər dəyişib ki, onun içərisində hər şey var. Onun içərisində oynamaqdan, rəqs etməkdən tutmuş, hətta bəzən soyunmağa qədər hər şey var.
- Hətta söyüş söyməyə qədər?
- Yox, təbii ki, söyüşdən söhbət getmir.
- Uşağının atasını gizlətmək, bir uşaq dünyaya gətirəndə onu iki uşaq kimi təqdim etmək və s. Bunlar nədir, sənətin tərkib hissəsimi?
- İnsanların özəl haqlarına qarışmaq olmaz. Cəmiyyətin bütün sferalarında analoji hallar baş verir. Sadəcə, bu şəxslər cəmiyyət üçün maraqlı olduğuna görə həyatları ilə də maraqlanırlar. Əgər uşağının atasını demirsə, özü bilər. Bu, onun problemidir, mənim problemim deyil, mənə aidiyyatı yoxdur. Mənə nə aidiyyatı var onun uşağının atası kimdir? Mənə heç bir aidiyyatı yoxdur. Bu, cəmiyyətə informasiya kimi verilir, kim üçün maraqlıdırsa o öyrənsin. Kimin bir, kimin iki, kimin üç, kimin beş uşağının olmasının mənə heç bir aidiyyatı yoxdur. “Mən” deyəndə tamaşaçı kimi deyirəm. Mənim, yaxud sizin nə ixtiyarımız var ki, ona deyək uşağının atasının adını açıqla, yaxud açıqlama, ikisini doğdun, yaxud birini doğdun?! Müdaxilə etməyə heç kimin haqqı yoxdur. Soyunmaq məsələsinə bir də qayıdıram, rəssamların çəkdiyi ən böyük sənət əsərlərindən biri də elə soyunmuş qadın portretidir.
- Bu müsahibədə sənət adamlarına son sözünüz.
- Bütün sənət adamlarının hamısına – mövqeyindən asılı olmayaraq – can sağlığı arzulayıram. Bircə istəyim var ki, çalışın yerinizi tamaşaçının, dinləyicinin qəlbində qurasınız, hakimiyyətdə olanların siyasəti üzərində yox.
|