Azərbaycan sənətçisi Röyanın “Gəl danış” adlı albomu icazəsiz olaraq Türkiyədə hazırlanıb və satışa çıxarılıb. Sənətçinin mətbuat katibi Ülviyyə Alovlu APA-ya bildirib ki, Röyanın diski Türkiyənin “Ozan” musiqi şirkəti tərəfindən hazırlanıb.
Albomda Röyanın ifasında 12 mahnı toplanılıb. Diskin çox aşağı səviyyədə hazırlandığını qeyd edən mətbuat katibi albomun 8-10 YTL arasında satıldığını qeyd edib.
Röya isə albomu icazəsiz hazırladıqlarına və satışa çıxardıqlarına görə musiqi şirkətini məhkəməyə verəcək. Ü. Alovlu bildirib ki, Röyanın hüquqlarını məhkəmədə Türkiyənin Musiqi Əsəri Sahibləri Məslək Birliyi (MESAM) müdafiə edəcək.